“Nanopolimer kompozitlər” monoqrafiyası çapdan çıxıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanovanın “Nanopolimer kompozitlər” monoqrafiyası rus dilində çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada nanopolimer kompozitlərin yaradılması və inkişafı üzrə nəzəri və təcrübi məlumatlar, müasir kompozit materialların yaradılmasının əsas mərhələləri, kompozitlərin üstünlükləri, müasir polimer elminin əsas aspektləri, Azərbaycanda və dünyada nanotexnologiyanın inkişafı haqqında məlumat verilir. Müəllif laylı silikatlı polimerlərə əsaslanan nanokompozitlər, nanokarbon birləşmələri əsasında yeni materiallar, karbon nanoborucuqları, metal-karbon nanohissəcikləri, tərkibində metalların və metal oksidlərinin nanohissəcikləri olan polimer əsaslı nanokompozitlərdən bəhs edir. Kitabda nanohissəciklərin alınması və tədqiqi üsulları, katalizdə nanohissəciklər, nanokompozitlərin bakterisid xüsusiyyətləri, metal nanohissəciklərin və karbon nanoborucuqlarının təsərrüfatın müxtəlif sahələrində, o cümlədən neft hasilatında istifadəsinə dair məlumatlar əks olunur.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, rəyçisi AMEA-nın müxbir üzvü Eldar Zeynalovdur.
Kitab nanopolimer kompozitlər, eləcə də yeni növ kompozit materialların yaradılması imkanları ilə maraqlanan tədqiqatçı, müəllim, doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulub.