NARIN AYIP: “AGENTLİYİMİZ BEYNƏLXALQ TƏCRÜBƏ TOPLAYIR”
“Bu cür görüşlər çox əhəmiyyətlidir, çünki əlaqələrin yaradılması, rəhbərlər səviyyəsində şəxsi münasibətlər işimizi daha səmərəli və məhsuldar edir”. Bunu AZƏRTAC-ın müxbirinə Qırğızıstanın “KABAR” agentliyinin baş direktoru Narın Ayıp OANA İcraiyyə Komitəsinin Bakıda keçirilən 30-cu iclasının yekunlarını şərh edərək bildirmişdir.
O vurğulamışdır ki, bütün bunlar Asiya ölkələri üçün xüsusilə vacibdir. N.Ayıp demişdir: “Biz qonşularla daim maraqlanır və onların təcrübəsindən faydalanmağa çalışırıq. İndi isə Avropa təcrübəsinə müraciət etməyin, informasiya agentliklərinin işini fəallaşdıran sıx əlaqələr yaratmağın vaxtı çatmışdır. Yeri gəlmişkən, təkcə məruzələrlə məhdudlaşmayan, məşğələlər və seminarlar da daxil olmaqla, bu cür görüşlərin keçirilməsi orta yaşlı və gənc jurnalistlərin fəaliyyətinə kömək edəcəkdir”.
“KABAR” agentliyinin rəhbəri ildə iki dəfə bu cür seminarlar keçirən İTAR-TASS-ın təcrübəsini misal gətirmişdir. Bu, həm jurnalistlərin peşəkarlıq səviyyəsinə, həm də agentliyin nüfuzunun artmasına, təsir dairəsinin genişlənməsinə müsbət təsir göstərir.
N.Ayıp bildirmişdir ki, “KABAR” agentliyi inkişaf mərhələsindədir. Agentliyin yaradıcı kollektivi 60 nəfərdən ibarətdir, xəbərlər 4 dildə - qırğız, türk, rus və ingilis dillərində buraxılır. O demişdir: “Ölkəmizdə xeyli özəl, kommersiya agentlikləri fəaliyyət göstərir. Onlar yaydıqları xəbərlər obyektivliyi və kefiyyəti ilə seçilməsə də, dövlət agentliyi ilə müəyyən rəqabət aparırlar.