CƏMİYYƏT
NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2001-ci il ərzində respublikanın ərazisində narkotiklərlə bağlı 2316 cinayət faktı qeydə alınmışdır.
Həmin müddətdə ayrı-ayrı şəxslərdən 146 kiloqram 253 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 4 kiloqram 359 qram heroin, 4 milliqram kokain, 10 kiloqram 721 qram tiryək, 15 kiloqram 350 qram həşiş, 864 qram xaşxaş, 62 kiloqram 644 qram marixuana, 12 kiloqram sirkə anhidridi, 40 kiloqram 298 qram civə, 1 ampula tramal, 5 milliqram aukarin dərmanı, 79 ədəd güclü təsiredici həb, 2 qram ilan zəhəri götürülmüşdür.
Göründüyü kimi, əsas diqqət narkotik vasitələrin qanunsuz satışı və daxilolma mənbələrinin aşkar edilməsinə yönəldilmişdir ki, bu da öz müsbət nəticələrini verməkdədir.
Ötən müddətdə bu növ cinayətlər törətdiklərinə görə 2091 şəxs məsuliyyətə cəlb olunaraq məhkəməyə verilmişdir. Onlardan 2014 nəfəri kişi, 77 nəfəri qadındır. Məsuliyyətə cəlb olunmuş şəxslərdən 66-sı xarici vətəndaşlardır. Həmin şəxslərdən 21 kiloqramdan çox müxtəlif narkotik vasitələr və 15 ədəd güclü təsiredici həb götürülmüşdür. Yaxalanmış əcnəbilərin 38 nəfəri İran, 18 -i Rusiya, 7-si Gürcüstan, 1 nəfəri Özbəkistan, 1 nəfəri Mərakeş və 1 nəfəri İraq vətəndaşıdır.
2001-ci ildə respublika ərazisində 345 hektar sahədə narkotik xassəli 358 ton 45 kiloqram müxtəlif bitki aşkar olunaraq məhv edilmişdir.