Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir
Bakı, 15 yanvar, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər, onların nəticələri və sair barədə əhalini məlumatlandırmaq məqsədilə 2014-cü ildən “İki sahil” qəzetində rubrika açılıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan bildiriblər.
Məlumatda qeyd edilir ki, aidiyyəti dövlət orqanları tərəfindən göndərilən materiallar hər həftənin şənbə günü dərc edilib. Həmin qəzetdə açılan bu rubrika geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığından, “İki sahil” qəzetinin rəhbərliyi ilə rubrikanın 2021-ci ildə də davam etdirilməsi razılaşdırılıb.
Ölkədə aparılan antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü olan nazirlik, komitə, xidmət və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən təqdim olunan məqalələrin qəzetdə dərc edilməsi nəzərdə tutulub.