NASA GÜNƏŞ TUTULMASINI BİRBAŞA YAYIMLAYACAQ
NASA-nın teleskopları artıq Antalyanın Side şəhərciyində quraşdırılmışdır. Bura dünyanın müxtəlif ölkələrindən təxminən 200 astronomun gələcəyi gözlənilir.
Antalya yaxınlığında Saklıkənd dağındakı rəsədxananın nümayəndəsi bildirmişdir ki, burada Avropada ən böyük teleskoplardan sayılan 1,5 metrlik Rusiya teleskopu quraşdırılmışdır. Rəsədxanada Günəş tutulmasını 10 astronom izləyəcəkdir. O demişdir: “Biz Günəşdə alışmaları və digər təzahürləri öyrənəcəyik. Günəşin temperaturu təxminən 6 min dərəcə təşkil etdiyi halda, onun tacında bu rəqəm bir neçə milyona çatır. Biz bunun nəyin nəticəsində baş verdiyini bilmirik”.
Antalyada Günəşin tam tutulması 3 dəqiqə 11 saniyə çəkəcəkdir. Bu təbiət hadisəsi Türkiyənin Aralıq dənizinin qərbindən Qara dənizin şərqinədək ümumən 156 kilometr ərazisini əhatə edəcəkdir.
Türkiyədə Günəş tutulmasından sonra zəlzələ baş verəcəyi barədə şayiə yayılmışdır. Bosfor Universiteti seysmoloji rəsədxanasının rəhbərliyi əhalini təşvişə düşməməyə çağıraraq bildirir ki, elmin Günəş tutulması ilə zəlzələ arasında əlaqənin olması barədə məlumatı yoxdur. Lakin buna baxmayaraq, alimlərə heç də hamı inanmır.
Ötən həftə Ankaradan 400 kilometr şərqdə yerləşən Niksar şəhərində sakinlər küçələrdə çadırlar qurmağa başlamışlar. 1999-cu il Günəş tutulmasından sonra ölkənin şimal-qərbində dağıdıcı zəlzələnin baş verməsi barədə şayiələr yayıldıqdan sonra şəhər əhalisi əməlli-başlı təşvişə düşmüşdür. Xatırladaq ki, Niksar 1939 və 1942-ci illərdə dağıdıcı zəlzələyə məruz qalmışdır.