Naxçıvan Dövlət Universitetində dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan, 13 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin Dünya iqtisadiyyatı və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” adlı dərs vəsaitinin təqdimatı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, müəllif kitabda proqramların icrası istiqamətində muxtar respublikada həyata keçirilən tədbirləri təhlil edib, əldə olunan yüksək nəticələri oxucularla bölüşüb.
Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru dosent Ceyhun Mahmudov diqqətə çatdırıb ki, dərs vəsaitində 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının muxtar respublikanın inkişafındakı rolundan söhbət açılıb. Bildirib ki, əsərin tamamlanmasında statistik göstəricilər əsasında təhlillər aparılıb, elmi cəhətdən əsaslandırılmaqla müəllif tərəfindən şəkillər, sxemlər və cədvəllər tərtib olunub. Giriş və 9 fəsildən ibarət dərs vəsaitində muxtar respublikanın sosial-iqtisadi inkişafı və milli iqtisadi quruculuq prosesləri və müxtəlif sahələr üzrə inkişaf perspektivləri araşdırılıb.
Ali təhsil ocağının İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov bildirib ki, modern milli iqtisadiyyat üçün aktual olan anlayışların izahı təqdim olunan dərs vəsaiti tələbələr, magistrant, dissertant, doktorantlar tərəfindən istifadə oluna bilər.
Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov vurğulayıb ki, kitabda dövlətin uğurlu iqtisadi siyasəti, hüquqi-iqtisadi tənzimləmə vasitələri və digər stimullaşdırıcı mexanizmlərin çevik təsiri barədə məlumat verilib.
Menecment ixtisası üzrə IV kurs tələbəsi Sinan Bağırov və digər tələbələr dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda müəllif universitetdə yaradıcılıqla məşğul olan hər bir ziyalı üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.