Naxçıvan şəhərində açıq hava idman qurğuları bərpa olunur
Naxçıvan, 21 iyul, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində quraşdırılmış sadə tipli açıq hava idman qurğuları əhalinin sağlam həyat tərzinə təşviqi, asudə vaxtının səmərəli təşkili, eləcə də bədən tərbiyəsi və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 2024-cü ilin sonlarından etibarən sakinlərin istifadəsinə verilmiş idman avadanlıqlarının bir qismi ehtiyatsız istifadə nəticəsində zədələnib, bəzi avadanlıqlar isə tamamilə sıradan çıxıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən açıq hava idman qurğularının yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə Naxçıvan şəhərinin müxtəlif ərazilərində təmir-bərpa işləri həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi, Qoçüstü və Əlincə məhəllələri, eləcə də Nizami küçəsində yerləşən açıq hava idman meydançalarında zədələnmiş alətlər bərpa olunub, nasazlıqlar aradan qaldırılıb, ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.
Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq muxtar respublikanın bütün regionlarını əhatə etməklə ümumilikdə 19 ərazidə sadə tipli açıq hava idman qurğuları quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Onlardan 8-i Naxçıvan şəhərinin payına düşür.
Müxbir - Nail Əsgərov