“Naxçıvan” Universitetində “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn konfrans olub
Naxçıvan, 14 may, AZƏRTAC
“Naxçıvan” Universitetində Riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu informasiya texnologiyalarının əhəmiyyətindən bəhs edib. Bildirib ki, müasir dünyada elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Mövcud vəziyyətlə əlaqədar olaraq “Naxçıvan” Universitetində tədrisin təşkili günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparılır. Məhz müasir informasiya texnologiyalarının tətbiqinin bariz nümunəsidir ki, koronovirus pandemiyası dövründə universitetdə tədrisin təşkilində heç bir problem yaranmayıb. Bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılıb.
Daha sonra universitetin Riyaziyyat və informatika kafedrasının müəllimləri professor Cavanşir Zeynalovun “İnformasiya texnologiyalarının həyatımızda rolu”, Səbinə Mahmudovanın “Süni intellekt, yaxud idrakımızın zirvəsi” və Həsən Nəcəfovun “İnformatika və süni intellekt problemi” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. İKT-nin təhsildə tətbiqi Azərbaycanda müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən əhəmiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub.
Sonda sualları cavablandırılıb.