Naxçıvanda bələdiyyə sədrləri təlimə cəlb olunub
Naxçıvan, 1 may, AZƏRTAC
Mayın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə bələdiyyə sədrləri üçün təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, "Bələdiyyələrin maliyyə dayanıqlılığı və Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin rolu” (BAMS) mövzusunda təşkil olunan təlimdə Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən bələdiyyələrin sədrləri iştirak ediblər.
Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov bələdiyyələrdə təşkilati-idarəetmə, bələdiyyə-vətəndaş münasibətləri, kadr təminatı, müasir informasiya texnologiyalarının tətbiqi vəziyyəti, bələdiyyələrin maddi-texniki bazası və maliyyə-iqtisadi durumu haqqında ətraflı məlumat verib.
Sonra Bələdiyyələrlə iş şöbəsinin böyük məsləhətçisi Təbriz Eyvazlı “Bələdiyyə gəlirlərinin formalaşması və ondan səmərəli istifadə” mövzusunda çıxış edib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinin əməkdaşı Səfa Cəfərov təlimdə onlayn formada iştirak edərək tövsiyələrini bildirib. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev və Bələdiyyə Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov tərəfindən BAMS Proqramı barədə, eləcə də proqramın tətbiqinin bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətinə təsirindən danışılıb, proqramın tətbiqində bələdiyyələrin daha çox rastlaşdıqları çətinliklər və onların aradan qaldırılması ilə bağlı ətraflı məlumat verilib.
Vurğulanıb ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət qanunvericiliklə tənzimlənir. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati akt qəbul edərək icra olunması üçün “İcra haqqında” Qanuna əsasən məcburi icra orqanına göndərirlər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.