Naxçıvanda sahibkarlıq subyektlərinə əcnəbi işçilərin götürülməsi ilə bağlı məsələlər müzakirə edilib
Naxçıvan, 30 aprel, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda keçirilən tədbirdə muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində görülən ardıcıl, səmərəli və sistemli tədbirlər nəticəsində çoxsaylı yeni iş yerlərinin açıldığı vurğulanıb.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın iqtisadiyyat nazirinin müavini Anar Əhmədov yeni iş yerlərinin yaradılmasında sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, təkcə 2018-ci ilin ötən dövrü ərzində muxtar respublikada nazirliyin xətti ilə yeni istehsal və xidmət sahələrinin yaradılması üzrə 16 layihəyə güzəştli dövlət maliyyə dəstəyi göstərilib. Nəticədə 90-dan çox yeni iş yeri açılıb. Muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayının artmasına gətirib çıxarıb.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, hazırda muxtar respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Bununla bağlı xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstərilir, sahibkarlarla mütəmadi görüşlər keçirilir.
Əcnəbi işçilərin muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydaları və şərtləri barədə danışan Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Samir Sadiqov bildirib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi alınmasından sonra Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Mircavid Tağızadənin və Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Elmar Eyvazovun mövzu ilə bağlı çıxışları olub. Çıxışlarda yerli əmək ehtiyatları hesabına tutulmayan boş iş yerlərinin əcnəbi işçi qüvvəsi tərəfindən ödənilməsinin qaydaları və şərtləri, məşğulluğun təmin olunmasında sahibkarlığın rolu, əmək ehtiyatlarından səmərəli istifadə haqqında söz açılıb.
Sahibkarlar adından çıxış edən Seyfəddin Rəhimov belə görüşlərin keçirilməsinin iş adamlarının maarifləndirilməsinə xidmət etməsindən danışıb, təşkilatçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.