Naxçıvanda şahmata geniş yer verilməsi gənclərin bu idman növünə marağını artırıb
Naxçıvan, 31 may, AZƏRTAC
Naxçıvanda keçirilən yarışlara 2013-cü ildən qatılıram. Bütün şahmat yarışlarının təşkilatçılığı, sözün əsl mənasında, çox yüksək səviyyədə olur. Burada şahmata geniş yer verilir. Çalışırlar ki, Naxçıvanda şahmat inkişaf etsin, nəticədə gənclərdə bu idman növünə maraq yaranıb.
Bunu AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatının iştirakçısı, beynəlxalq usta Səbinə İbrahimova deyib.
İdmançı budəfəki yarışın da yüksək səviyyədə təşkil olunduğunu, oyunların gərgin şəkildə davam etdiyini bildirib.
Şahmatçı Naxçıvanın təbiətinin, havasının gözəlliyi ilə yanaşı, burada çoxlu tarixi abidələrin, ziyarətgahların olmasını xüsusi vurğulayaraq deyib: “Məsələn, Əshabı-Kəhf ziyarətgahında olmuşuq. Burada olanda Yaradanın necə gözəl möcüzələri olduğunun şahidi olursan”.
Gəncə şəhərində doğulan və 6 yaşından şahmatla məşğul olan Səbinə İbrahimova şahmatda ilk nəticəsini 10 yaşınadək qızlar arasında Avropa çempionatında əldə edib. “Şahmat elə bir idman növüdür ki, burada səbirli olmaq vacibdir”, - deyən Səbinə İbrahimova bu idmanla məşğul olanların hər birinin dünya çempionu olmasının mümkün olmadığını da vurğulayıb. Beynəlxalq usta deyib ki, əksər valideynlər uşaqları yarışlarda nəticə əldə etmədikdə onun şahmat oynaya bilmədiyini düşünürlər və bu sahədən uzaqlaşdırırlar. Əslində, bu yanlış fikirdir. Hər uşaqdan dünya çempionu yetişdirmək olmaz. Hər bir sahədə olduğu kimi, ən birinci olanların sayı bir neçə nəfərlə məhdudlaşır. Amma şahmat insana daha geniş, hərtərəfli düşünməyi öyrədir. Uşaq sosiallaşır, özünü ifadə etmək qabiliyyəti inkişaf edir. Şahmatla məşğul olmaq hiperaktiv uşaqlar üçün də çox faydalıdır.