CƏMİYYƏT
NAZİM HİKMƏTƏ HƏSR OLUNMUŞ XATİRƏ GÜNÜ
Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində türk dünyasının görkəmli şairi Nazim Hikmətin 100 illik yubileyi münasibətilə xatirə günü kecirilmişdir.
Bu tədbirin Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil edildiyini vurğulayan muzeyin direktoru, filologiya elmləri namizədi İsrafil İsrafilov Nazim Hikmət şəxsiyyətinin böyüklüyündən, tanınmış şairlərimizlə onun dostluq münasibətlərindən, ömrünün sonuna qədər vətən həsrəti ilə yaşamış görkəmli sənətkarın şerlərindən söhbət açdı.
Yazıçılar Birliyinin sədri, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Anar, xalq artisti, bəstəkar Arif Məlikov, Nazim Hikmət yaradıcılığının tədqiqçısı, filologiya elmləri doktoru Aqşin Babayev, xalq yazıçısı Hüseyn Abbaszadə və başqaları xatirə günündə çıxış edərək, Azərbaycanla sıx bağlı olmuş şairin ilk kitabının-“Günəşi içənlərin türküsü”nün ölkəmizdə işıq üzü gördüyündən, şairin Azərbaycanda səhnə həyatı tapmış əsərlərindən söhbət açdılar, Nazim Hikmətlə bağlı xatirələrini danışdılar.
Xalq artisti Əminə Yusifqızı türk dünyasının unudulmaz şairinin şerlərindən parçalar söylədi.
Xatirə günündə Türkiyənin, Rumıniyanın, Iraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri iştirak edirdilər.