Nazir: Səudiyyə Ərəbistanı ABŞ dollarına bağlılığa sadiqdir
Bakı, 22 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının maliyyə naziri Muhammed əl-Cədaan bildirib ki, Krallıq milli valyuta olan riyalın ABŞ dollarına bağlılığını qorumağa sadiqdir.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Əl-Cədaan Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib: “Əlbəttə ki, biz ABŞ dollarına olan bağlılığımıza sadiqik. Bu, bizim milli və iqtisadi maraqlarımıza xidmət edir”.
CNBC telekanalına müsahibə verən nazir bildirib ki, bu bağlılıq investorlara valyuta dəyişkənliyi riskini azaltmağa kömək edir. “Çünki riyala investisiya qoyan və bu zaman ABŞ dollarına əsaslanan çoxlu sayda investorumuz var. Milli valyutamız ABŞ dollarına bağlı olduğu müddətcə bu risk aradan qaldırılır”, -deyə o əlavə edib.
Krallığın maliyyə naziri, həmçinin daha geniş platformada Səudiyyə-ABŞ münasibətlərinə toxunaraq bildirib ki, Ər-Riyad Amerikaya vəd etdiyindən daha çox investisiya qoya bilər. Keçən il Ağ Evdə danışıqlar zamanı vəliəhd Muhammed bin Salman Krallığın ABŞ-a 1 trilyon dollara qədər investisiya qoya biləcəyini bəyan etmişdi. Bu rəqəmin real olub-olmadığı sualına cavab verən əl-Cədaan deyib: “Düşünürəm ki, 1 trilyon realdır və bəlkə də bu rəqəm daha çox olacaq”. O, əlavə edib ki, ABŞ bazarı Krallıq üçün əsas böyümə sahəsi olaraq qalır. “Bu, investisiya gəlirini, eyni zamanda, bizə həqiqətən ehtiyac duyulan biliklərin ötürülməsini təmin edir. Biz milli və iqtisadi maraqlarımız üçün ən vacib olan sahələrə investisiya qoyuruq və düşünürük ki, bu kursu davam etdirmək üçün geniş imkanlar var”.