DÜNYA
Nazir: Türkiyə nəqliyyatda emissiyaları minimuma endirməyi hədəfləyir
Ankara, 20 sentyabr, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hökumətin nəqliyyatda zərərli maddələrin emissiyalarının minimuma endirilməsi planları barədə danışıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Avropa Hərəkətlilik Həftəsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edib.
O qeyd edib ki, ölkə hakimiyyəti yollarda karbon qazı tullantılarının azaldılmasına sərmayə yatıraraq şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyat şəbəkələrinin genişləndirilməsinə ümid edir.
“Biz velosiped və piyada yollarının sayını artırmaqla şəhərlərə yeni həyat veririk”, - deyə Uraloğlu bildirib.
Nəqliyyat naziri bundan əvvəl bildirmişdi ki, ölkə infrastrukturunun modernləşdirilməsi sayəsində atmosferə zərərli maddələrin emissiyası azalır. Təkcə İstanbul-İzmir magistralında karbon qazı tullantılarının həcmi il ərzində 402 min ton azalıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara