Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
İstanbul, 2 sentyabr, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün səhər saatlarında meydana gələn gəmi qəzası ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, nazir “Alsu” gəmisinin kapitanının saat 03:15-də başqa gəmi ilə toqquşduqları barədə məlumat ötürdüyünü bildirib.
A.Uraloğlunun sözlərinə görə, saat 03:26-da qəza ilə bağlı təcili yardım çağırışı daxil olub. Hadisədən dərhal sonra axtarış-xilasetmə qrupları əraziyə yönləndirilib. Batan “Tuğberk İmamoğlu” gəmisində hamısı Türkiyə vətəndaşı olan 10 dənizçi var idi.
Gəminin 11 dəqiqə ərzində sürətlə batdığını deyən nazir bildirib ki, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi tərəfindən “Tuğberk İmamoğlu” gəmisinin heyəti ilə əlaqə yaratmaq üçün cəhd olunub. Lakin nə çağırışlara, nə də mobil telefon zənglərinə cavab verilməyib.
“Təəssüf ki, indiyədək gəmidə olan şəxslərdən heç birinə sağ çatmaq mümkün olmayıb”, – deyə Uraloğlu bildirib.
Xatırladaq ki, Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində Türkiyənin vilayətləri arasında hərəkət edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub.
İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
10:30
Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində 2 yük gəmisi toqquşub.
AZƏRTAC xəbər verir ki, İstanbul Valiliyinin məlumatına görə, yerli vaxtla saat 03:00-da Silivridən təxminən 33 kilometr uzaqlıqda, Türkiyənin vilayətləri arasında hərəkət edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub. Hadisə yerinə çox sayda dəniz vasitəsi və sahil mühafizə helikopteri göndərilib.
İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb. “Tuğberk İmamoğlu” gəmisindən və göyərtəsindəki 10 heyət üzvündən isə hələ xəbər yoxdur, onlarla əlaqə kəsilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
“Tuğberk İmamoğlu” gəmisinin 1990-cı ildə inşa edildiyi, “Alsu” tankerinin isə 2022-ci il istehsal olunduğu bildirilir.