NAZİRLƏR GƏNC VERGİ MƏMURLARI İLƏ GÖRÜŞMÜŞLƏR
Tədbir başlamazdan əvvəl Azərbaycanın dövlət himni səsləndi.
Görüş iştirakçıları ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla andılar.
Əbülfəz Qarayev, Fazil Məmmədov və başqaları çıxışlarında bildirdilər ki, hazırda ölkə əhalisinin təxminən 64 faizini gənclər təşkil edir. Bu, xalqımızın böyük potensialından xəbər verir. Vergilər Nazirliyi sistemində çalışanların da 54 faizi gənclərdir.
Prezident Heydər Əliyevin bütün siyasi karyerası ərzində apardığı gənclər siyasəti böyüməkdə olan nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına yönəlmişdir. 1993-cü ildən xalqın tələbi ilə yenidən Azərbaycana başçılıq etmiş Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirmişdir. O, bir il sonra Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman vermiş, 1996-cı ildə isə onun təşəbbüsü ilə respublika gənclərinin birinci forumu çağırılmışdır. Prezident Heydər Əliyevin fevralın 2-də qeyd olunan Gənclər gününün təsis edilməsi və dövlət gənclər siyasəti haqqında da fərmanlar imzalamışdır.
Hazırda dövlətimizin başçısı İlham Əliyev ümummilli liderimizin siyasətini layiqincə davam etdirir.
İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı 1997-ci ildən gənclərin tərbiyəsi, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı məsələləri ilə bilavasitə məşğul olmuşdur.
Sonda Vergilər Nazirliyinin fərqlənmiş işçilərinə nazirliklərin fəxri diplomları təqdim edildi.