NAZİRLƏR KABİNETİ YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan komissiyanın sədri qeyd etmişdir ki, son illər əhalinin sosial vəziyyətinin yüksəlişi və ölkəmizin iqtisadiyyatının inkişafı ilə əlaqədar nəqliyyat vasitələrinin də təbii artım sürəti müşahidə olunur. İndi ölkəmizdə ümumən 562 mindən çox nəqliyyat vasitəsi mövcuddur. Təkcə son iki il ərzində respublikamızda avtomobillərin sayı 62 min ədəd artmışdır. Bütün bunları nəzərə alaraq, “Yol hərəkətinin təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının 2002-2005-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və yollarında bərpa işləri aparılmış, iri küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqamətlərini ayıran təhlükəsizlik zolaqları salınmış, yeni texniki nizamlama vasitələri quraşdırılmış, bir sıra küçələrin işıqlandırılması təmin olunmuşdur. Bununla yanaşı, respublika ərazisində yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayının artması ciddi narahatlıq doğurur.
Daha sonra iclasda ölkəmizin rəhbərliyinin tapşırığı ilə komissiyanın Bakı şəhərində yol hərəkətinin təkmilləşdirilməsi və tıxacların aradan qaldırılması tədbirləri ilə bağlı hazırladığı təkliflər geniş müzakirə olunmuşdur.
Müzakirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin, Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin nümayəndələri, habelə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzvləri çıxış edərək bildirmişlər ki, problemin aradan qaldırılması üçün yol ötürücülərinin (körpülərin) və piyada keçidlərinin salınmasına ciddi ehtiyac vardır. Küçə və yolların kənarlarında avtomobillərin saxlanmasının, sərnişin nəqliyyatının nəzərdə tutulmayan yerlərdə dayanması hallarının qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş inzibati təsir tədbirlərinin görülməsinin vacibliyi nəzərə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bütün bunları nəzərə alaraq şəhərdə çoxmərtəbəli ümumi istifadəli avtomobil qarajları tikilməsinə, yeni çoxmərtəbəli binaların alt mərtəbələrində və zirzəmilərində minik avtomobilləri üçün xüsusi dayanacaqların təşkil olunmasına diqqət yetirilməlidir.
Çıxış edənlər, həmçinin şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılmasını, tranzitlə keçən nəqliyyat vasitələrinin şəhərə daxil olmaması üçün şəhərətrafı dairəvi magistral yolun çəkilişini, avtomobil yollarının yenidən qurulmasını, Sumqayıtın və Abşeron rayonunun müxtəlif yaşayış məntəqələrindən Bakı şəhərinə elektrik qatarı reyslərinin təşkili və onların hərəkət cədvəlinə dəqiq riayət olunması məsələlərini də yaranmış problemin həlli yollarından biri kimi göstərmişlər.
Müzakirələr zamanı qeyd olunanları nəzərə alaraq, yol hərəkətinin tənzimlənməsi prosesində qüvvədə olan müvafiq norma və tələblərə riayət olunmasının, Bakı şəhərinin küçə-yol şəbəkəsində yol hərəkətinin təşkili, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlukəsizliyinin, fasiləsiz və rahat hərəkətinin, optimal sürətinin təmin olunması istiqamətində mühəndis və təşkilati tədbirlərin həyata keçirilməsi, o cümlədən müxtəlif səviyyəli yol ötürücülərinin tikilməsi məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qərar qəbul etmişdir. Qərarda müvafiq nazirlik, komitə və təşkilatlara tapşırılmışdır ki, Bakı şəhərində yol hərəkətinin təkmilləşdirilməsi və tıxacların aradan qaldırılması üçün təsirli tədbirlər görsünlər.