NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Əli Həsənov qonaqları Azərbaycan hökuməti adından səmimi salamlamış və qeyd etmişdir ki, humanitar təşkilatlar arasında dost, qardaş İranın “İmam Xomeyni İmdad Komitəsi”nin həm davamlı fəaliyyətinə, həm də hökumətlə əlaqələrinə görə öz yeri vardır. Bu qurumun fəaliyyəti təqdir olunmalıdır və digərlərinə nümunə ola bilər. Əli Həsənov təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bəhram Kazımzadənin fəaliyyətindən xüsusi razılıq etmişdir.
Baş nazirin müavini ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmləndirilməsində komitənin rolunu qeyd etmiş, qurumun rəhbəri Seyid Rza Nəyirinin Azərbaycana, özünün İrana səfərini xatırlatmışdır. O, Prezident İlham Əliyevin ötən ilin yanvarında qonşu ölkəyə rəsmi səfərini və bu səfər çərçivəsində “İmam Xomeyni İmdad Komitəsi”nə baş çəkdiyini də yada salmışdır.
Hüseyn Ənvari səmimi qəbul üçün təşəkkür etmiş, ayın 5-dək davam edəcək səfərin məqsədi, təmsil etdiyi komitənin Azərbaycanda fəaliyyəti barədə məlumat vermişdir.
Bildirilmişdir ki, beynəlxalq humanitar təşkilatın nümayəndələri səfər çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, bir sıra nazirliklərin təmsilçiləri ilə görüşmüşlər.
Birgə “İkram” layihəsinin reallaşdırılması barədə fikir mübadiləsi aparılmışdır. Layihənin məqsədi ölkənin imkanlı adamları ilə imkansız təbəqəsini bir-birinə yaxınlaşdırmaq, onların təmasda olmasını təmin etməkdir.
Komitə ilə Azərbaycan hökumətinin əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.
Görüşdə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani iştirak etmişdir.