İQTİSADİYYAT
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiqlənib
Bakı, 25 fevral, AZƏRTAC
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Qərar qəbul edib.
Qərar 2019-cu il yanvarın 1-dən tətbiq olunur. Qərara əsasən neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar bunlardır: SOCAR və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə; qeyd edilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar; subpodratçılar üzrə - yuxarıda qeyd edilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə; il ərzində yeni yaradılacaq subpodratçılar üzrə - yeni yaradılan subpodratçı ilin əvvəlindən yuxarıda qeyd edilən şəxslərə mal təqdim etməyə, iş görməyə 4 və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində qeyd edilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi yuxarıda qeyd olunan meyar əsas götürülür.
Qeyri-dövlət sektoru - dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergiödəyicisi olan fiziki şəxslər.