Neft sənayesi mövzusunda mahnılar toplusunun təqdimatı olub
Bakı, 25 oktyabr, AZƏRTAC
Qəlbimizdə xoş hisslər oyadan “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Qarabağ”, “Bəxtəvər gəlin”, “Naçar gedər”, “Var gülüşündə”, “Saf eşqim”, “Qal, sənə qurban”, “Eşqimin baharı”, “Ay dəli ceyran” kimi populyar mahnıların müəllifi Bəhram Nəsibov həm də neft sənayesi və Bakı neftçilərinə həsr edilmiş əsərlər də yazıb. Mərhum bəstəkarın bəstələdiyi “Bakı-Tbilisi-Ceyhan”, “Azərbaycan neftçiləri”, ”Neft daşları”, “Əsrin müqaviləsi” mahnıları bu qəbildəndir.
AZƏRTAC xəbər verir ki, bu barədə bəstəkar Bəhram Nəsibovun neft sənayesi mövzusunda marş və mahnılarından ibarət “Ekoloji təmiz qara qızıl” toplusunun təqdimat mərasimində danışılıb.
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bəstəkarın neft sənayesinə həsr etdiyi əsərlərin yüksək zövq və istedadla yazıldığını vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Azərbaycan Musiqi Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov və başqaları mərhum bəstəkarın indiyə qədər ifa edilməmiş mahnılarının not yazıları və şeir mətnləri, xüsusilə neft sənayesi mövzusunda bəstələdiyi mahnılarının sənətkarlıq xüsusiyyətləri, digər mahnılarına xas olan xalq ruhunun həmin musiqilərdə də qorunmasından bəhs ediblər.
Qeyd olunub ki, toplunun birinci hissəsində neft sənayesi, ikinci hissəsində neft kəmərlərinin keçdiyi ərazilərə, üçüncü hissədə isə ekologiya və alternativ enerjiyə həsr edilən mahnılar yer alıb.
Təqdimat mərasimində Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Zahid Quliyev, gənc müğənnilər Leyla Rəhimova, Arzu Məmmədova və başqaları Bəhram Nəsibovun mahnılarını ifa ediblər.