Neftçalada respublika və zona yarışlarının qalibi olan gənclər mükafatlandırılıb
Neftçala, 25 may, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində respublika və zona yarışlarında qalibiyyət əldə edən istedadlı gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxslər, Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrə olduğu kimi, təhsil sahəsinə ayrılan xüsusi diqqət və qayğıdan, Ulu Öndər siyasətini uğurlar davam etdirən Prezident İlham Əliyevin təhsil sahəsinə olan xüsusi diqqətindən və son illərdə təhsil sahəsində görülən işlərdən danışıb.
2022-2023-cü tədris ilində Neftçalada qazanılan uğurların digər rayonlardan yüksək olduğu diqqətə çatdırılıb.
Çıxış edənlər rayonda təhsil sahəsində görülən işlər bəhs edib, qazanılan uğurlara görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Sonda 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində respublika və zona yarışlarında qalibiyyət əldə edən istedadlı gənclər, müəllimlər fəxri fərman ilə təltif edilib.