Neftçalada şəhidlərimizin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib VİDEO
Neftçala, 15 sentyabr, İ.Cəfərli, AZƏRTAC
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün Neftçala şəhərinin 6-cı məhəlləsində inşa edilən xatirə bulağı kompleksi istifadəyə verilib.
Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Neftçala rayonunda da şəhid ailələri və qazilər xüsusi qayğı ilə əhatə olunublar.
Qafqaz İslam Ordusunun 103 il bundan əvvəl - 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən də söz açan M.Seyidov həmin döyüşlərdə türk ordusunun və Azərbaycan korpusunun 1300-ə qədər şəhid verdiyini vurğulayıb. Qeyd edib ki, Bakının azad olıunması Azərbaycan və Türkiyənin qardaşlığının daha bir bariz nümunəsidir.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasim Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.