İDMAN
“Neftçi”də Emin Mahmudovun kapitanlıqdan imtina edib-etməməsinə aydınlıq gətirilib
![“Neftçi”də Emin Mahmudovun kapitanlıqdan imtina edib-etməməsinə aydınlıq gətirilib](/files/2023/3/1200x630/16988251176084514917_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
“Emin Mahmudov meydanda olmayanda kapitanlıq sarğısını Rəhman Hacıyev, Eddi İsrafilov və ya İvan Brkiç daşıyır. “Neftçi” adından bəyan edirik ki, adı çəkilən oyunçular Mahmudovla yanaşı, komandanın lider üzvləridir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin mətbuat katibi Emin Əfəndi futbolçu Emin Mahmudovun kapitanlıqdan imtina etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
Klub rəsmisi məlumatın həqiqəti əks etdirmədiyini söyləyib: “Premyer Liqanın XI turunun “Sabah”la matçında kapitanlıq sarğısını Rəhman Hacıyev daşıyıb. O, əvəzləndikdən sonra isə sarğını komandanın qolkiperi İvan Brkiçə təhvil verib. Futbolda komandanın əsas kapitanının meydana daxil olduqdan sonra sarğını mütləq şəkildə təhvil almalıdır deyə bir qanun yoxdur".
E. Əfəndi "ağ-qaralar"ın bir nömrəli kapitanının Emin Mahmudov olduğunu vurğulayıb: "Futbolçumuz növbəti matçlarda start “11-liyi”ndə olacağı təqdirdə kapitanlıq sarğısını özü daşıyacaq".
Qeyd edək ki, “Neftçi” - “Sabah” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb