Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO
Bakı, 5 fevral, Gülay Nəzərova, Tofiq Babayev, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Nobel qardaşlarının ev-muzeyi.
Nobel qardaşlarının ev-muzeyi Bakı şəhərində, Xətai rayonu, 8 Noyabr prospektində yerləşir.
1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey, ikinci mərtəbə isə Bakı Nobel Neft Klubu və Biznes mərkəzi yerləşir. Tikilinin interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda dizayn edilib. Buradakı əşyalar Nobel İrsi Fondunun keçmiş sədri Toğrul Bağırovun maliyyə dəstəyi ilə tarixi materiallar əsasında hazırlanıb. Toğrul Bağırov elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyası ilə də tanınırdı. O, 2003-cü ildə Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyət ilə birgə Bakı Nobel İrsi Fondunu (BNİF) yaradıb. Stokholmda Nobel Fondunda qeydiyyatdan keçmiş BNİF maarifçiliklə məşğuldur, texnologiya innovasiyaları, elm, mədəniyyət və təhsil sahəsində Nobel layihələri reallaşdırır.
“Villa Petrolea” adlanan bina Nobel qardaşlarının İsveçdən kənarda yerləşən yeganə ev-muzeyidir. Bütün interyer zəngin tərtibata malik olub. Sankt-Peterburqdan rəsm əsərləri, kitabxana üçün kitablar gətirilib, otaqlara Azərbaycan və İran xalçaçılarının toxuduqları bahalı xalçalar döşənib. Bina 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Ev-muzeyi olmamışdan əvvəl isə xəstəxana, daha sonra uşaq evi kimi fəaliyyət göstərib. Evin öz əşyalarından əlavə olaraq muzeyə Nobellərin Sankt-Peterburqdakı və İsveçdəki evlərindən də əşyalar gətirilib.
Bakının neft sənayesinin inkişafında mühüm xidmətləri olan Nobel qardaşlarının ölkəyə gəlişi və sərmayələri əlamətdar hadisə hesab edilir. Şimali Avropadan gələn bu neft maqnatları Azərbaycanın iqtisadi həyatında dərin iz buraxıblar və günümüzə qədər bu miras muzeyin eksponatlarında yaşamaqdadır.