NƏĞMƏ DOLU ÜRƏK
Bütün yaradıcılığı boyu Gülağa Məmmədovu müşayiət edən xalq çalğı alətləri orkestri onun repertuarındakı mahnıları səsləndirmişdir.
Sənədli kadrlar bizi G.Məmmədovun şöhrətin zirvəsində olduğu illərə qaytarır. Mərhum bəstəkar Səid Rüstəmov Gülağanın müğənni kimi ilk addımlarından söhbət açır. Dahi Üzeyir Hacıbəyovun xeyir-duası ilə 1938-ci ildə Ümumittifaq Mədəniyyət Olimpiadasının iştirakçısı olan, Koroğlunun ariyasını ifa edən müğənninin cəmi 12 yaşı vardı.
Digər böyük mərhum sənətkarımız Tofiq Quliyev ekrandan deyir: “Hər bir əsərin taleyi ifaçıdan asılıdır. Biz bu mənada Səid Rüstəmova həsəd aparırdıq, Çünki o, öz mahnılarını Gülağa Məmmədov üçün yazırdı”.
Müğənninin özü hesab edirdi ki, mahnının həyatı insan həyatıdır. Mahnı yalnız ürəyin hərarəti ilə yaranır. Gülağa Azərbaycanı tərənnüm edirdi, xalq melodiyalarımızı sevirdi. Bu mahnıları lirik tonda və riqqətlə yalnız Gülağa oxuya bilirdi, ona görə də onun nəğmələri unudulmazdır.
Onun xatirə gecəsi elə belə də adlanırdı- “Nəğmə dolu ürək”.