Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb VİDEO
Pekin, 27 avqust, AZƏRTAC
Nepalın şimal hissəsində, Çin ilə sərhəd zonada yerləşən Rasuva rayonunda çayda baş verən daşqın nəticəsində hər iki ölkədən ölənlərin ümumi sayı 168-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Nepal hökuməti 165 nəfərin öldüyünü, 823 nəfərin itkin düşdüyünü açıqlayıb. Nepalda təbii fəlakət nəticəsində xəsarət alan 73 nəfər xəstəxanalara yerləşdirilib. İtkin düşənlər arasında 400-dən çox turist, habelə su elektrik stansiyasında işləyən əcnəbilər var.
Daşqın sərhədin Çin tərəfində də dağıntıya və insan tələfatına səbəb olub. Son məlumata görə, daşqın və palçıq axını səbəbindən Çində 3 nəfər ölüb, 558 nəfər itkin düşüb, 2 nəfər xilas edilib.
Hazırda hər iki tərəfdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Nepalın Rasuva rayonunda, bu ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd-keçid məntəqəsi, habelə tikilməkdə olan su elektrik stansiyası və yollar suyun altında qalıb.
Nepalın Baş naziri Balendra Şah hökumətin təcili iclasını çağırıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin itkin düşənlərin axtarışlarının sürətləndirilməsi və təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı göstəriş verib.