Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib
Pekin, 27 avqust, AZƏRTAC
Çinin Su Ehtiyatları Nazirliyi Nepalın Çhoçen Xola və Purepu Tsanqpo çaylarının qovuşduğu yerdəki yarımsüni gölün bəndinin 72 saat ərzində dağıla biləcəyi barədə təcili xəbərdarlıq edib.
AZƏRTAC “Global Times” qəzetinə istinadla xəbər verir ki, hidroqeoloqlar gölün suyunun həcminin 2 milyon kubmetrə çatdığını, növbəti 3 gün ərzində isə gölə daha 3 milyon kubmetr su toplaşacağını proqnozlaşdırırlar. Çinin müvafiq qurumları təcili xilasetmə işlərinə kömək etmək və aşağı axında ikinci dərəcəli daşqın risklərini azaltmaq üçün real vaxt rejimində daşqın simulyasiyaları aparır.
Həyəcanlı xəbərdarlıq avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində yerləşən Rasuva rayonunda Bhotekoşi çayı dəhlizi boyunca baş verən daşqınların dağıdıcı nəticələri ilə mübarizə apardığı bir vaxtda gəlir. Qəflətən su kütləsinin çoxalması nəticəsində yaranan daşqın ətraf ərazilərdə yaşayış məntəqələrinə, infrastruktura, habelə Çin-Nepal sərhəd-keçid məntəqəsinə böyük ziyan vurub. Son məlumatlara görə, ölənlərin sayı 332-yə çatıb, 1000-dən çox adam, o cümlədən təxminən 700 əcnəbi turist və zəvvar itkin düşüb. Hər iki ölkədə axtarış-xilasetmə işlərinə və təbii fəlakətin nəticələrinin aradam qaldırlmasına mülki müdafiə işçiləri ilə yanaşı hərbçilər və polislər də cəlb olunub.