Nəsimi rayonunda akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar qanvermə aksiyası təşkil olunub
Bakı, 26 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasi (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş qanvermə aksiyası keçirilib.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, irsi və qan xəstəliyi olan insanlara kömək məqsədilə təşkil edilən qanvermə aksiyasında Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri, YAP Nəsimi rayon təşkilatının üzvləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları fəal iştirak ediblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası baş tutub.
Aksiyada 300-dən çox insan iştirak edib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Bildirilib ki, Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizdə bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Cəmiyyətin diqqətinin bu sosial məsələyə yönəldilməsi mühüm əhəmiyyət kəsb edir.