Nəsimi rayonunda tədbir: “Zərifə Əliyeva ömrünün işığı”
Bakı, 27 aprel, AZƏRTAC
Nizami Kino Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan bəhs edən film nümayiş olunub.
Çıxış edənlər bildiriblər ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilir, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.
Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır.
Ümummilli Liderin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik göz eynəkləri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.