Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək rayonda məskunlaşmış nümayəndələrlə görüş keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməli olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə istiqamətində işlərə başlanılıb. Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir.
Tədbirdə çıxış edənlər Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, şəhid ailələrinin üzvləri Sahibə İsmayılova və Ofeliya Məmmədova Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə iştirak edənlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin Azərbaycanın işğal altında olan bütün torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə edib, dövlətimizin başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq torpaqlarımızın azad edilməsinə hazır olduqlarını bildiriblər.
Sonda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Xocalı sakinləri ilə görüşüb, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verib.
Sonra Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon icra hakimiyyəti tərəfindən yardımlar göstərilib.