Nicat Məmmədli: Məktəblərdə rəqəmsal savadlılığın inkişafı gələcəyin bacarıqlarının formalaşması baxımından vacibdir
Bakı, 17 iyul, AZƏRTAC
Müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə gələcəyin bacarıqlarının formalaşdırılmasıdır. Sahibkarlıq düşüncəsi, maliyyə savadlılığı və rəqəmsal bacarıqlar uşaqların dəyişən əmək bazarına və texnoloji yeniliklərə uyğunlaşmasında mühüm rol oynayır.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli AZƏRTAC-a müsahibəsində bildirib ki, bu bacarıqların erkən yaşlardan inkişaf etdirilməsi gələcək nəsillərin daha hazırlıqlı, çevik və rəqabətədavamlı olmasına imkan yaradır. Onun sözlərinə görə, uşaqlıqda formalaşdırılan bu bacarıqlar gələcək nəsillərin dəyişən əmək bazarına, texnoloji yeniliklərə və yeni çağırışlara daha yaxşı uyğunlaşmasına imkan yaradır.
“Məktəblərdə sahibkarlıq, maliyyə və rəqəmsal savadlılığın inkişafı çox vacib məsələlərdən biridir. Xüsusilə rəqəmsal bacarıqların erkən yaşlardan formalaşdırılması gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır”, – deyə Nicat Məmmədli qeyd edib. O vurğulayıb ki, bu gün ömürboyu öyrənmə zərurəti yaranıb və insan gələcəkdə peşəsini, fəaliyyət istiqamətini dəyişməyə hazır olmalıdır. Bunun üçün isə əsas bilik və bacarıqların uşaqlıq dövründən formalaşdırılması vacibdir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri sahibkarlıq düşüncəsi və maliyyə savadlılığının erkən yaşlardan öyrədilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, uşaqlar gəlirləri idarə etməyi, düzgün maliyyə qərarları verməyi, resurslardan səmərəli istifadə etməyi və investisiya düşüncəsini erkən yaşlardan mənimsəməlidirlər.
“İnsan nə qədər tez öyrənməyə başlayırsa, yeni bacarıqları mənimsəmək və həyatı boyu inkişaf etmək imkanları bir o qədər geniş olur. Buna görə də məktəblərdə bu istiqamətlərə xüsusi diqqət ayrılması gələcəyin daha hazırlıqlı nəsillərinin formalaşmasına xidmət edir”, – deyə o əlavə edib.
Müxbir - Tünzalə Zeyvəliyeva