Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının uğurları, gələcək planları, problemləri və bu problemlərin həlli yolları müzakirə edilmişdir.
Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov bildirmişdir ki, təşkilatlar artıq mümkün olduğu qədər akademik fəaliyyət istiqaməti götürməli, lobbiçiliyin qurulmasında fəal iştirak etməlidir. N.Qurbanov diaspor təmsilçilərimizi daha çox yerli deputatlar, bələdiyyə üzvləri ilə işləməyə, seçkilərə qatılan türklərə səs toplanmasına dəstək göstərməyə çağırmışdır.
Komitənin şöbə müdiri İlham Məmmədov isə Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatlarını daha fəal olmağa, Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə birlik nümayiş etdirməyə çağırmışdır. İ.Məmmədov, həmçinin bildirmişdir ki, Hollandiyada diaspor fəaliyyətinin istiqamətləri özünəməxsusluq tələb edir. O, xüsusilə gənclərlə daimi iş aparılmasının vacibliyini qeyd etmişdir.
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor fəaliyyətində və lobbi quruculuğunda ziyalıların potensialından daha səmərəli istifadə edilməsinin və gənclərə diqqət ayrılmasının zəruriliyini bildirmişdir. O qeyd etmişdir ki, gələcəyə hesablanmış siyasət yürüdərək yerli dili, qanunları, insanların psixologiyasını daha yaxşı bilən gənc nəslin siyasi fəaliyyətə cəlb olunması, onlara dəstək göstərilməsi vacibdir.
Hollandiyada ermənilərin qondarma soyqırımı təbliğatına qarşı davamlı mübarizədən danışan Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın bununla bağlı mitinq və yürüşlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. İ.Aşkın ermənilərin Almelo şəhərində abidə tikməsinə qarşı izdihamlı mitinqin keçirilməsinin, eləcə də yerli bələdiyyəyə davamlı olaraq etiraz məktublarının göndərilməsinin artıq ictimaiyyətdə müəyyən reaksiyalara səbəb olduğunu, hətta ermənilərin öz aralarında narahatlıq yaratdığını demişdir. O, həmçinin yaxın vaxtlarda Hollandiyada ikinci Xocalı abidəsinin qoyulması istiqamətində iş aparıldığını da bildirmişdir.
Toplantıda Azərbaycan diasporunun fəaliyyətində qadınların rolu, azərbaycanlıların holland cəmiyyətinə inteqrasiyasında qarşıya çıxan çətinliklər və s. məsələlər müzakirə edilmişdir. Tədbirdə iştirak edən diaspor təşkilatlarının rəhbərləri 2015-ci il üçün fəaliyyət proqramı və təkliflər paketi hazırlayaraq Dövlət Komitəsinə təqdim etməyi qərara almışlar.