SİYASƏT
Niderlandın “de Volkskrant” qəzetində “Qarabağa qayıdış” adlı məqalə dərc olunub
Haaqa, 31 dekabr, AZƏRTAC
Qarabağ Ermənistanın 30 illik işğalından sonra yenidən Azərbaycana qayıtdı. Otuz il idi ki, köçkün həyatı yaşayan yüz minlərlə insan qayıdışı gözləyirdi.
AZƏRTAC xəbər verir ki, bu sözlər Niderlandın “de Volkskrant” qəzetində dərc olunmuş “Qarabağa qayıdış” adlı məqalədə yer alıb.
Məqalədə erməni silahlı qüvvələri tərəfindən Qarabağdan didərgin salınmış azərbaycanlıların 44 günlük müharibədən sonra yenidən öz torpaqlarına qayıdışından bəhs edilir.
Müəllif Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində köçkün həyatı yaşayan insanların doğma yurdlarına qayıdışından bəhs edərkən onların ikili hisslər yaşadıqlarını bildirir. Vurğulayır ki, azad olunmuş torpaqlarına qayıdan insanlar sevinc və kədər hissini eyni anda yaşayırlar - doğma şəhərə qayıdışın sevinc hissi, həmin şəhərlərin erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilməsindən yaranan kədər hissi.
Məqalədə 1993-cü ildə ermənilər tərəfindən işğal olunaraq yerlə-yeksan edilən və bufer zona kimi istifadə olunan Ağdam şəhərindən bəhs edilir, onun “Qafqazın Xirosiması”, hətta “Çernobıl” adlandırıldığını diqqətə çatdırılır.
Qeyd edilir ki, o vaxt əhalisi 10 milyondan az olan Azərbaycan 750 min köçkün problemi ilə üzləşdi. Azərbaycan adambaşına düşən qaçqın, köçkün sayına görə dünyada ilk yerdədir.
Müəllif yazır ki, dünyanın heç bir bölgəsində heç bir ərazi Dağlıq Qarabağdakı qədər minalanmayıb. Burada çoxlu sayda insan minaya düşərək həyatını itirib və ya yaralanıb. Ərazilərin minalanması doğma şəhərlərinə qayıdıb evlərini axtarmaq istəyən sakinlər üçün ciddi problem yaradır.
Məqalədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikirlərinə də yer verilir. O deyir ki, əvvəlcə bu ərazilər minalardan təmizlənməli, infrastruktur yaradılmalı, evlər, məktəblər tikilməlidir və nəhayət, bundan sonra köçkünlər geri qayıda bilərlər. Biz həmin ərazilərdəki dağıntını tikinti-quruculuğa çevirəcəyik.
Jurnalist Ağdama qayıdan köçkünlərlə bərabər donuz peyini iyi verən məscidə daxil olarkən sakinlərdən birinin dediyi sözləri xatırladır: “Ermənislərin şəhərlərimizdə törətdikləri dəhşətlidir. Barbarlar da heç vaxt belə cinayət törətməyiblər. Ermənilər əsl üzlərini göstərdilər”.
Məqalədə uzun illərdən sonra Ağdama qayıdan ana və oğlunun vaxtilə tərk etdikləri evlərinin yerində qalaqlanmış daşların qarşısında dayandıqları bildirilir. Qeyd edilir ki, burada hər şey dağıdılıb. Onlar öz evlərini, qohumlarını döyüşlərdə itiriblər. Onlar ərazilərin minalardan təmizlənməsi, yenidənqurma işlərinin nə qədər davam edəcəyini bilmirlər. Ancaq indiki anda bütün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki 27 ildən sonra onlar ilk dəfə yenidən doğma torpaqlarında idilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa