Niderlandın Oistervijk şəhərinin meri azərbaycanlıları Respublika Günü münasibətilə təbrik edib
Brabant, 28 may, AZƏRTAC
Niderland Krallığının Brabant əyalətinin Oistervijk şəhərinin meri Hans Janssen Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə meriyanın qarşısından üçrəngli Azərbaycan bayrağını ucaldıb.
AZƏRTAC xəbər verir ki, mer Hans Janssen 28 May - Respublika Günü münasibəti ilə video mesaj göndərib.
Oistervijkin meri Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımova ünvanladığı məktubda xalqımıza və Avropada yaşayan soydaşlarımıza təbrik ünvanlayıb, ölkəmizə xoş gələcək və uğurlar arzulayıb.
Qeyd edək ki, Niderlandın Milli qəhrəmanı adını almış “Medo” ləqəbli azərbaycanlı Məmməd Məmmədov məhz Oistervijk şəhərində dəfn edilib. Şəhərdə Məmməd Məmmədovun adını daşıyan küçədə onun şərəfinə xatirə abidəsi ucaldılıb.
1941-1945-ci illərdə Brabant əyalətində faşistlərə qarşı müqavimət hərəkatına rəhbərlik etmiş Məmməd Məmmədov 1996-cı ildə Niderland Kralı tərəfindən “Orange-Nassau” ordeninin cəngavər dərəcəsi ilə təltif edilib və Kral Sarayının “Fəxri üzvü” tituluna layiq görülüb.
Niderlandın Milli qəhrəmanı Məmməd Məmmədovun qızı Nansi Doıen və ailəsi 2019-cu ildə Bakıda Azərbaycan Prezidenti ilə görüşüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Brabant