İDMAN
Nikola Adams: “Bakı 2015" birinci Avropa Oyunlarında boks üzrə qızıl medal alan ilk qadın idmançı titulunu qazanmaq istəyirəm
Bakı, 17 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
Olimpiya çempionu, bir çox yarışların mükafatçısı britaniyalı xanım boksçu Nikola Adams idman karyerasını bitirdikdən sonra bizneslə məşğul olmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı idmançı 2012-ci il Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının ilk qızıl medalını qazanıb. O, eyni zamanda, 2014-cü ildə Qlazqoda keçirilən Həmrəylik Oyunlarında boks üzrə qızıl medal qazanan ilk qadın idmançı olub.
Nikola Adams bu adlarının sırasına "Bakı 2015" birinci Avropa Oyunlarında boks üzrə qızıl medal alan ilk qadın idmançı titulunu da əlavə etmək istəyir. "Qalib olmaq üçün buradayam. Birinci Avropa Oyunlarının qalibi mən olacağam. Çempion titulunu mən qazanacağam", -deyə o bildirib.
N. Adams əlavə edib ki, Olimpiya çempionu olmaq onun həyatını dəyişdirib. O, indi çox məşhurlaşıb, küçədə insanlar ona yaxınlaşaraq avtoqraf alır, onunla şəkil çəkdirirlər.
"Çempionluq mənə maddi cəhətdən də kömək etdi, amma olduğum kimi qalmışam. Heç vaxt dəyişməyəcəyəm", -deyən boksçu yalnız ikiqat Olimpiya çempionu olduqdan sonra idmandan getmək niyyətindədir.
Nikola Adams BBC-nin çəkdiyi "Vaterloo yolu" filmində və "İstenderlər və Tacqoyma" televiziya şousunda rol alıb.