Nitratlarla çirklənmiş torpaq və suyun təmizlənmə metodikasının hazırlanmasına dair elmi seminar keçirilib
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu deyib.
Moderator, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov fakültənin əldə etdiyi elmi uğurlardan danışıb. O, COVID-19 pandemiyası səbəbindən BDU-da onlayn formatda uğurla baş tutan konfranslar, elmi seminarlar, ustad dərsləri, müzakirələr və iclasların artıq ənənə halı aldığına diqqət çəkib.
Sonra Ekoloji kimya kafedrasının dissertantı Günay Vəliyeva “Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması” mövzusunda təqdimatla çıxış edib. Çıxışda bimetal nanohissəciklərin sintezi, atom mikroskopiyası metodu, elektron dispers spektroskopiya metodu, nanohissəciklərin köməyi ilə nitratların reduksiyası, çirklənmiş tоrpaqlar və su hövzələrinin genetik xüsusiyyətləri, ətraf mühitin qоrunmasının mahiyyəti kimi məsələlərə aydınlıq gətirilib.
Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, professor Telman Xəlilov, Coğrafi ekologiya kafedrasının müdiri Akif Ağbabalı, dosentlər Məhluqə Yusifova, Abuəli Hüseynli və Tahir İbrahimov məruzə ilə bağlı öz fikirlərini səsləndirərək elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu vurğulayıblar.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.