Nizami Kino Mərkəzində Milli qəhrəmanlar haqqında sənədli filmlər nümayiş olunur
Bakı, 18 yanvar, AZƏRTAC
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycanın Milli qəhrəmanları haqqında sənədli filmlərin nümayişi keçirilir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Qəhrəman Əliyar Əliyev haqqında rejissor Nizami Abbasın “Pəhləvan komandir” və Milli Qəhrəman Aqil Məmmədov haqqında rejissor Qurban Səlimovun “Məmmədov Aqil”, Milli Qəhrəman Ələsgər Novruzov haqqında rejissor Ramiz Hüseynovun “Qəhrəmanlığa gedən yol” və Milli Qəhrəman Şahlar Hüseynov haqqında rejissor Günel Aqifin “Oğul dərdi” adlı sənədli filmləri Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.
Filmlərin rejissorları və Milli qəhrəmanların ailə üzvləri sənədli lentlərin çəkilişi barədə danışıb, xatirələrini tamaşaçılarla bölüşüblər. Bu mövzuda filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını qeyd ediblər.
Nizami Kino Mərkəzində sənədli filmlərin növbəti nümayişi yanvarın 19-da keçiriləcək.