RƏSMİ XRONİKA
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Hörmətli həmvətənlər!
Xalqımızın ən əziz bayramı - Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə əsl Novruz əhval-ruhiyyəsi arzulayıram.
Kainatın qanunları ilə sıx bağlı olan bu bayram ulu əcdadlarımızdan yadigar qalmış qədim adət-ənənələri özündə parlaq şəkildə əks etdirir. Azərbaycan torpağında ilk baharın gəlişi uzun əsrlərdir ki, bərqərar olmuş xüsusi mərasimlərlə qarşılanır. Xalqımızın mənəvi dünyasını bütün zənginliyi ilə ifadə edən bu el bayramı təbiətin dirçəlməsi və yeniləşməsi ilə səciyyələnir. O, gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğular oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır.
Azərbaycan xalqı böyük milli-mənəvi gücə malik Novruz bayramını həmişə uca tutaraq tarixinin ən çətin, ən mürəkkəb dövrlərində belə yad təsirlərdən qorumuş, ürəklərdə, yaddaşlarda daim ümidlə yaşatmışdır. Öz müstəqilliyini bərpa etdiyi gündən ölkəmizdə bayramın rəsmi səviyyədə keçirilməsinə başlanmışdır. Yurdumuzun hər bir guşəsində onun təntənəli surətdə qeyd olunması dövlət müstəqilliyimizin bəhrələrindəndir.
Bu bahar günlərində Azərbaycanın iqtisadi uğurları xüsusi qeyd edilməlidir. Respublikamızın bütün bölgələrində aparılan quruculuq işləri təbiətlə yanaşı, iqtisadiyyatımızın da yeniləşməsindən xəbər verir. Ölkəmizdə müşahidə olunan iqtisadi dirçəliş hər birimizdə yüksək əhval-ruhiyyə yaradır.
Mən torpaqlarımızın müdafiəsində dayanan mətin Azərbaycan əsgərinə bu əziz gündə xüsusi bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini dərin ehtiramla yad edərək, onlara Allahdan rəhmət diləyirəm.
Novruz bayramını Müstəqil Azərbaycanın vətəndaşları ilə birlikdə müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımız da böyük sevinc və fərəhlə qeyd edirlər. Dünya azərbaycanlılarının həqiqi həmrəylik rəmzi kimi bu bayram olduqca böyük rol oynayır, onların ana vətənə qırılmaz tellərlə bağlılıqlarını daha da gücləndirir.
Bu əziz bayram günündə hamınıza cansağlığı, xoşbəxtlik və səadət arzu edirəm.
Yurdumuzun baharı, xalqımızın Novruz bayramı mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2007-ci il.