DÜNYA
Nyu-Yorkda Con Lennonun rəsmləri nümayişi olacaqdır
Bakı, 4 oktyabr (AZƏRTAC). Soxo Open Hous (Nyu-York) qalereyasında Con Lennonun rəsmlərindən ibarət kiçik sərgi keçiriləcəkdir.
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, sərgi əfsanəvi musiqiçi Con Lennonun anadan olmasının 72-ci ildönümünə həsr olunacaqdır.
“Gimme Some Truth: The Artwork of John Lennon” (sərginin adının birinci hissəsi Lennonun “Imagine” albomundakı mahnısının adından götürülmüşdür) adlı sərgidə musiqiçinin 1964-1980-ci illərdə çəkdiyi 100-ə yaxın rəsm və eskizləri nümayiş etdiriləcəkdir.
Lennonun rəsm sərgisi oktyabrın 5-dən 9-na qədər davam edəcəkdir. Sərgiyə giriş pulsuzdur, lakin təşkilatçılar xeyriyyəçilik məqsədilə iki dollar məbləğində ianə toplanacağını elan etmişlər. Sərginin təşkilatçılarından biri Lennonun həyat yoldaşı rəssam Yoko Onodur.
Lennonun üç rəsmi birinci dəfə təqdim ediləcəkdir. Yoko Ononun sözlərinə görə, həyatı boyu daim bədii yaradıcılığa önəm verən Lennonun yeni-yeni rəsmləri aşkar olunur.
Sərgidə təqdim olunan erkən şəkillər 1964-cü ildən sonrakı dövrə aid olması təsadüfü deyil, çünki Lennonun rəsmləri bu illərdə daha cəsarətli və konseptual idi.
Con Lennon 1957-1960-cı illərdə Liverpulda rəssamlıq məktəbində təhsil almışdır.
Yoko Ono məşhur “Bitlz” qrupunun üzvü olmuş ərinin yaradıcılığının təbliği ilə son on ildə fəal məşğul olur.