MƏDƏNİYYƏT
Nyu-Yorkda Ümummilli Liderin 100 illiyinə həsr edilmiş konsert təşkil olunub
Bakı, 13 may, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Azərbaycanın ABŞ-dakı səfirliyi və BMT yanında daimi nümayəndəliyi Türkiyənin BMT yanında daimi nümayəndəliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Türkiyənin Nyu-York şəhərindəki baş konsulluğu tədbirə təşkilati dəstək göstərib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nyu-York şəhərində yerləşən diplomatik nümayəndəliklərin, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və iş adamları, habelə Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi səfir Yaşar Əliyev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Dünya Axıska Türkləri Birliyinin nümayəndəsi Şöhrət Temirov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi daxili və xarici siyasəti, tətbiq etdiyi uzaqgörən siyasət nəticəsində xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin regionda və dünyada nüfuzunun artması istiqamətində göstərdiyi müstəsna xidmətlərdən, ABŞ, BMT ilə əlaqələrin qurulmasında, inkişafındakı rolundan danışıblar. Eləcə də bu gün Azərbaycanın regionun, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfə barədə söz açılıb.
Tədbirdə “Heydər Əliyev” adına təqaüd qalib elan edilmiş Pensilvaniya Universitetinin tələbəsi Meyson Kellerə təqdim edilib. M.Kellər əslən azərbaycanlı olsa da, ABŞ ailəsi tərəfindən himayəyə götürülüb.
Rəsmi hissənin yekununda Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin xarici siyasətə dair fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Bundan əlavə, ABŞ-da yaşayan pianoçu Nərgiz Əliyarova və türk əsilli soprano Dilarə Ünsal Azərbaycanın klassik musiqi əsərlərindən ibarət konsertlə çıxış ediblər.
Sonda ziyafət verilib.