OANA İCRAİYYƏ KOMİTƏSİNİN 30-CU İCLASI BAŞA ÇATMIŞDIR
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçirilən “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası sentyabrın 3-də öz işini davam etdirmişdir.
Sədrlik edən OANA-nın prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf iclası açaraq, gündəlik barədə məlumat vermişdir.
OANA Katibliyinin sədri Əhməd Hüseyni təşkilatın hesabatını təqdim etmiş, İcraiyyə Komitəsinin 29-cu iclasının protokolu təsdiq olunmuşdur.
Sonra Sinxua (Çin), İRNA (İran), KUNA (Küveyt), Yonhap (Koreya Respublikası), Bernama (Malayziya), İTAR-TASS (Rusiya), VNA (Vyetnam), SANA (Suriya), Petra (İordaniya), WAM (BƏƏ), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), SABA (Yəmən), Kyodo (Yaponiya), MONTSAME (Monqolustan) agentliklərinin rəhbərləri və təmsilçilərinin hesabat çıxışları olmuşdur.
Onlar öz agentlikləri barədə məlumat vermiş, OANA İcraiyyə Komitəsinin 30-cu iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamış, tədbirin təşkilini yüksək qiymətləndirmişlər. İnformasiya agentlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilmiş, bunun ölkələrarası münasibətlərə də müsbət təsir göstərdiyi vurğulanmışdır.
İclasda bildirilmişdir ki, İran İslam Respublikasının Mehr və Fars informasiya agentlikləri OANA-ya qəbul edilmişdir.
İclasın ikinci iş günündə OANA-ya üzvlük haqlarının ödənilməsinin vəziyyəti, təşkilatın web-saytının təkmilləşdirilməsi, İcraiyyə Komitəsinin gələn il keçiriləcək növbəti iclasının vaxtı və yeri ilə bağlı məsələlər də müzakirə edilmişdir. Nizamnaməyə əsasən, üç ay ərzində növbəti iclasın vaxtı və yeri təsdiq olunacaqdır.
Çıxışlarda birgə təlimlərin, dörd təşkilatın - OANA, EANA (Avropa İnformasiya Agentlikləri Alyansı), FANA (Ərəb Ölkələri İnformasiya Agentlikləri Federasiyası), AMAN (Aralıq Dənizi Ölkələri İnformasiya Agentlikləri Assosiasiyası) forumunun keçirilməsi barədə və digər təkliflər səslənmişdir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun yekun sözündə dünya mediasının nüfuzlu təmsilçilərinin iştirakı ilə keçən iclasda çox maraqlı çıxışların dinlənildiyini, faydalı müzakirələrin aparıldığını bildirmiş və onun nəticələrinin agentliklərin gələcək fəaliyyəti baxımından faydalı olacağını söyləmişdir. O, bir daha xatırlatmışdır ki, indiki qloballaşma şəraitində dünyada baş verən hadisələr haqqında obyektiv, qərəzsiz xəbərlərin yayılmasını, eyni zamanda, agentliklərimiz arasında əlaqələrin daha da genişləndirilməsini zamanın özü tələb edir.
A.Aslanov dünyanın ən nüfuzlu iki regional informasiya alyansının - OANA-nın və EANA-nın rəhbərlərinin iştirakı ilə keçirilən iclası müstəqil Azərbaycanın həyatında əlamətdar hadisə kimi qiymətləndirərək demişdir ki, ilk dəfədir dünyanın bu qədər sayda ən tanınmış xəbər agentliklərinin rəhbərləri və təmsilçiləri Azərbaycan paytaxtına toplaşmışlar.
OANA-nın prezidenti Əhməd Muxlis Yusuf iclasa yekun vuraraq, onun yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-a dərin minnətdarlığını bildirmiş, ölkədə gedən proseslər barədə dəqiq və obyektiv məlumat yayan agentliyin fəaliyyətini müsbət qiymətləndirmişdir. Cənab Əhməd Muxlis Yusuf iclas iştirakçılarının səfər çərçivəsində Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olduğunu, demokratik dəyərlərə üstünlük verən ölkənin müasir mərhələdə inamla inkişaf etdiyini vurğulamış, Azərbaycan xalqına yeni-yeni uğurlar arzulamışdır.
######
