Oğul Aleksandr Maslyakov: Heydər Əliyev məndə böyük təəssürat oyatdı
Moskva, 17 sentyabr, AZƏRTAC
Şən və Hazırcavablar Klubunun (ŞHK) Premyer-Liqasının aparıcısı oğul Aleksandr Maslyakov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşündən söz açıb. O deyib: “Bu, 1995-ci ildə olub. O vaxt Bakıda Odessa və “Parni iz Baku” komandaları arasında oyun keçirilmişdi. Azərbaycan üçün də, Rusiya üçün də çətin dövr idi. Valideynlərim ilə birlikdə Prezidentin qəbuluna gəldik. Təkrar edirəm, çətin dövr idi. Bəlkə də buna görə bütün nümayəndə heyəti çox gərgin vəziyyətdə idi. Heydər Əliyev gəldi və onca dəqiqə ərzində elə etdi ki, aramızda ona inanmayanların çoxu onun qatı tərəfdarına və müttəfiqinə çevrildi. Əvvəlcə ŞHK-dan danışdıq, sonra kənar mövzulara keçdik. O, etimad qazanmağı, öz ideyası ilə cəlb etməyi, insanları arxasınca aparmağı, onları öz ardıcıllarına çevirməyi bacarırdı. Heydər Əliyev məndə böyük təəssürat oyatdı. O, ŞHK-dan, “Parni iz Baku” komandasından, ŞHK-ya tamaşa etməsindən və onu sevməsindən danışır, həm özü gülür, həm də başqalarını güldürürdü. Bu da görüşə gələnlərdə ona qarşı böyük inam hissi yaradırdı”.
Yeni komanda olan “Sbornaya Baku”nun şanslarını qiymətləndirən aparıcı deyib: “Yaxşı gənc komandadır. Çoxdandır ki, Azərbaycandan ŞHK-da komanda yox idi. Ötən illərdə möhtəşəm “Parni iz Baku” çıxış edirdi. “Parni iz Baku” brend komandadır. Onlar Azərbaycan üçün tarixən mürəkkəb dövrdə - 1992-ci ildə ŞHK çempionu oldular. Onda bu komanda bir növ sıçrayış etdi. Onlar problemlərə və ixtilaflara deyil, normal bir dünyaya böyük addım atdılar. Komanda bütöv bir respublikaya, elə Rusiyanın özünə bir növ təsəlli oldu. Prezident Heydər Əliyev bunu çox qiymətləndirir və onlardan səmərəli istifadə edirdi”.
A.Maslyakov bildirib ki, “Sbornaya Baku” yaxşı start götürüb, Svetloqorskda “Qolosyaşşiy KiViN” musiqi festivalında layiqincə çıxış edib, amma təəssüf ki, Premyer-Liqanın finalına çıxa bilməyib. O deyib: “Onlar yüksək səviyyədə çıxış etdilər. Yəqin ki, həyəcan hissi keçirdiklərindən bunu edə bilməyiblər. Gələn ilin əvvəlində Soçi festivalında - ŞHK-nın yeni mövsümündə “Sbornaya Baku” yenə də öz gücünü sınayacaq”.
Oğul Maslyakov onu da bildirib ki, bu gün Azərbaycan komandaları bütün ŞHK dünyasını narahat edən problemləri lağa qoyurlar. O deyib: “Bundan başqa, yalnız Azərbaycana aidiyyəti olan kiçik zarafatlar da var və yeri gəlmişkən, bu zarafatlar həmişə gurultulu alqışlarla qarşılanır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva