OĞUL BUŞ, RUZVELT VƏ HİTLER SON ƏSRİN TALEYÜKLÜ NATİQLƏRİ ADLANDIRILMIŞLAR
AZƏRTAC Vaşinqton Profil agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidentləri Franklin Delano Ruzvelt, oğul Corc Buş və Adolf Hitler tarixdə ən taleyüklü natiqlər adlandırılmışlar. Onlar bəşəriyyət üçün 25 taleyüklü nitqin tam reytinqinə başçılıq edirlər.
Dünyanı sarsıdan nitqlərin ilk üçlüyünə prezident Ruzveltin ABŞ-ın İkinci Dünya müharibəsinə qoşulduğunun elan olunduğu nitqi (1941-ci il), Prezident Buşun terrorçuların Nyu-Yorka və Vaşinqtona hücumu (terrorla qlobal müharibə bundan sonra başlanmışdır), habelə Əfqanıstan və İraqa müdaxilə haqqında nitqi (2001-ci il) və Adolf Hitlerin Berlində Reyxstaq qarşısında söylədiyi və Polşa ilə bağlı məsələni Almaniyanın zor gücünə həll etmək (bu, əslində, İkinci Dünya müharibəsinin elan olunması demək idi) barədə niyyətini açıqladığı nitqi (1939-cu il) daxildir.
Onlarla yanaşı, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill, Çin kommunistlərinin rəhbəri Mao Tszedun, İsrailin Baş naziri Qolda Meir və sovet lideri Leonid Brejnev də tarixdə taleyüklü nitqlər söyləmişlər. (Brejnevin 1975-ci ildə Helsinkidə Avropada təhlükəsizliyə və əməkdaşlığa dair beynəlxalq müşavirədə dinc yanaşı yaşamaq haqqında nitqi reytinqdə 21-ci yerdədir).
Nəzəri cəhətdən, nitqlərin əksəriyyəti milli qarşıdurma məsələləri ilə bağlıdır və hərbi sarsıntı dövrlərinə aiddir.
Sosioloqlar qeyd edirlər ki, adamlar aşkar söylənilən sözlərin nə kimi dərin nəticələri ola biləcəyini başa düşmürlər. Məsələn, tədqiqatın müəllifi Tomas Delinin fikrincə, Ruzveltin 1945-ci ildə söylədiyi nitq təxminən yarım əsr davam edən “soyuq müharibəyə” gətirib çıxarmışdır.
Reytinqə heç zaman dövlətə başçılıq etməyən beş nəfərin - fizik Albert Eynşteynin, ABŞ Federal Kommunikasiyalar Komissiyasının başçısı Nyuton Minovun, Federal Təhqiqat Bürosunun başçısı Edqar Quverin, amerikalı general Duqlas Makarturun və ABŞ-ın BMT-dəki səfiri Adlay Stivensonun nitqləri də düşmüşdür (Stivensonun nitqi sovet nümayəndəsi Valeri Zorinə ünvanlanmışdı və Kubada yerləşdirilmiş sovet raketlərinə aid idi).
Reytinq 17 mindən çox nitqin təhlili əsasında hazırlanmışdır. Doğrudur, bu zaman yalnız 1933-cü ildən sonra söylənilmiş nitqlər nəzərə alınmışdır.