OĞUZDA TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Oğuz şəhərindəki “Sənubər” şadlıq sarayında bu il respublikanın ali məktəblərinə daxil olmuş məzunlarla ictimaiyyət nümayəndələrinin görüşü olmuşdur.
Tələbələr əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov çıxış edərək məzunları tələbə adı qazanmaları münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Natiq son illər respublikamızda təhsil sahəsində geniş islahatların aparıldığını, bu sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən mühüm sərəncamların imzalandığını qeyd etmiş, rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Görüşdə bildirilmişdir ki, bu il rayonun orta məktəblərini bitirmiş məzunlardan 402 nəfəri qəbul imtahanlarında iştirak etmiş, onlardan 152 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 39 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplamışdır. Qəbul imtahanlarında Oğuz şəhərindəki 1 və 2 nömrəli orta məktəblərin, Xaçmaz, Kərimli, Qumlaq kənd məktəblərinin məzunları xüsusilə fərqlənmişlər.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara pul mükafatları verilmişdir.
Mərasim maraqlı konsert proqramı ilə başa çatmışdır.