REGİONLAR
Oğuzlu fermerlər emal məntəqələrinə 235 ton yaş tütün təhvil veriblər
Oğuz, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə 235 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 23,5 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.
Hazırda rayonun Bucaq, Bayan və Sincan kəndlərində tütün emalı məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə, ümumilikdə, 78 tütünqurutma kamerası quraşdırılıb. Dərilmiş tütün yarpağı qurudulmaq üçün sahələrdən birbaşa bu emal məntəqələrinə gətirilir.
Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.