Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komandaların məşqçilərinin yığıncağı keçirilib
Bakı, 8 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 8-də Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komandaların məşqçilərinin ümumi yığıncağı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman naziri Fərid Qayıbov yığıncağın gündəliyinə əsasən, federasiya rəsmilərinin və mütəxəssislərin qaldırdıqları problemləri və təklifləri dinləyib, onların iş planları, proqramları ilə maraqlanıb.
Tədbirdə “Tokio-2020”yə hazırlıq prosesinin və nəticələrin təhlili, Paris Yay Olimpiya Oyunlarına hazırlıq planları, federasiyaların strateji inkişaf planlarının, istiqamətlər üzrə inkişaf proqramlarının tərtib edilməsi, milli komandaların hazırlığı və yarışlarda iştirakı, maddi-texniki bazadan səmərəli istifadə, federasiyaların beynəlxalq əlaqələri, maliyyə, marketinq fəaliyyəti, sponsorların cəlb olunması, mətbuat xidməti işinin təkmilləşdirilməsi, akkreditasiya və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fərid Qayıbov irəli sürülən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və federasiyaların iştirakı ilə belə görüşlərin mütəmadi təşkil olunacağını bildirib.