Ölkəmizdə həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin və sağlamlığının qorunmasına yönəlib
Tərtər, 20 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycandan da daxil olmaqla dünya ölkələri koronavirus adlanan bəla ilə mübarizə aparsa da, xəstəliyə yeni yoluxma hallarının artması respublikamızda da müşahidə olunur. Odur ki, hər bir vətəndaş xəstəliyə olduqca ciddi yanaşmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və tələblərə, müvafiq metodiki göstərişlərə əməl etməlidir. Çünki dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlər vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunmasına yönəlib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva deyib.
S.Əliyeva bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən bütün addımlar tədqirəlayiqdir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanaların ayrılması, “Yeni klinika" və modul tipli xəstəxanaların istifadəyə verilməsi, ölkəmizdə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonların istehsal edilməsi dövlətimizin öz vətəndaşlarının sağlamlığına nə qədər böyük diqqət yetirdiyini göstərir. Koronavirusla mübarizədə həkimlərin də üzərinə çox böyük məsuliyyət düşür. Azərbaycan həkimləri bu sahədə böyük fədakarlıq nümunəsi göstərirlər.
"Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə ölkəmizdə karantin rejimi sərtləşdirilir. Lakin hələ də məsələnin ciddiliyini anlamayan, xəstəliyə biganə yanaşan insanlar var. Mən bir həkim kimi vətəndaşları şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıram. Xəstəlikdən qorunmaq üçün tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi olduqca vacibdir. Özümüzün, yaxınlarımızın, cəmiyyətimizin sağlamlığı üçün bu qaydalara ciddi əməl etməli və bu yolla koronavirusa qalib gəlməliyik", - deyə o bildirib.