Ölkəmizin irəli sürdüyü təkliflər regionda sabitliyin əldə olunmasına böyük töhfələr verir - RƏY

Bakı, 11 dekabr, AZƏRTAC
İki əsgərimizin Ermənistandan əsirlikdən qaytarılması dövlətimizin başçısının yürütdüyü uzaqgörən siyasətin daha bir uğurlu nəticəsidir. Bu addım Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Dövlətimizin başçısı bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Politoloq, həmçinin deyib: “Diqqət etsək görərik ki, iki hərbi qulluqçumuzun valideynləri bir an belə olsa, ümidlərini itirmədilər. Hər açıqlamalarında, fikirlərində Prezident İlham Əliyevə inamlarını qeyd edirdilər. Çünki xalqımız yaxşı anlayır ki, Prezident heç bir Azərbaycan vətəndaşını darda qoymur. Sosioloji aspektdən baxdıqda bir daha əmin oluruq ki, Azərbaycan vətəndaşları hər bir situasiyada ölkə Prezidentinə tam güvənirlər. Bəlkə də dünyanın heç bir nöqtəsində dövlət rəhbərinə bu qədər yüksək inam və etibar mövcud deyil”.
T.İsmayılov bildirib ki, Hüseyn Axundov və Aqşin Bəbirov əlverişsiz hava şəraitində məhdud görmə, ərazilərin çətin relyefi səbəbindən itkin düşmüşdülər. Amma onlar Ermənistanda qanunsuz şəkildə “məhkəmə”lərə çıxarılmışdı. Bir neçə dəfə Ermənistandan yolu azaraq Azərbaycan ərazisinə keçən hərbçilər də olub. Ölkəmiz həmişə oxşar məsələlərdə lazım olan bütün addımları atıb, humanistlik nümayiş etdirərək bu şəxsləri Ermənistana qaytarıb. Ermənistan isə düşdüyü siyasi dalanda və iqtisadi qeyri-müəyyənliklər girdabında gərginlik yaradaraq iki əsgərimizin üzərindən növbəti siyasi maskarad yaratmağa çalışdı. Lakin Prezident İlham Əliyev amili Ermənistanı növbəti dəfə geri addım atmağa məcbur etdi.
“Ermənistan Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsində olduğu kimi, Hüseyn Axundov və Aqşin Bəbirovun həbsində də manipulyasiya etməyə çalışırdı. Ermənistan hərbi qulluqçularımız ətrafında informasiya bumu yaratmağa çalışır, onları cinayətkar obrazında təqdim edirdi. Baş verən hadisələr də göstərdi ki, burada hansısa cinayətdən söhbət gedə bilməz.
İstənilən halda, hazırda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları gedir, qarşılıqlı surətdə əsir mübadiləsi aparılır, müsbət mesajlar verilir. Bütün bu hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsir göstərir, ölkəmizin irəli sürdüyü təkliflər regionda sabitliyin əldə olunmasına böyük töhfələr verir”, - deyə politoloq əlavə edib.