ÖLKƏNİN İDMAN İCTİMAİYYƏTİNİN İKİQAT BAYRAMI
![]() |
![]() |
İclas başlanmazdan əvvəl MOK üzvləri, idman federasiyalarının rəhbərləri, idmançılar Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuşlar.
Onlar tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də tər çiçəklər düzmüşlər.
İclasda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə demişdir ki, bu gün ölkəmizin idman ictimaiyyəti üçün əlamətdar gündür. 15 il bundan əvvəl çoxları heç təsəvvür edə bilməzdi ki, Azərbaycanda olimpiya hərəkatı belə geniş miqyas alacaqdır. Bu, 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlamasından sonra ölkəmizdə idmanın sürətli inkişafının bilavasitə nəticəsidir. Bu gün ikiqat bayramdır: MOK-un 15 illiyi ilə yanaşı, həm də İlham Əliyevin Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyətinin 10 illiyi qeyd edilir.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov iclas iştirakçılarını bayram münasibətilə təbrik edərək demişdir ki, beynəlxalq idman təşkilatlarının daha tez-tez Azərbaycanı dünya və Avropa çempionatlarının, nüfuzlu turnirlərin keçirildiyi yer kimi seçməsi ölkəmizin dünya birliyində nüfuzunun göstəricisidir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurlar Azərbaycanda idmanın inkişafını sübut edir.
Siyasi sabitlik, iqtisadi inkişaf, idman obyektlərinin tikilməsi ölkəmizin 2016-cı il Olimpiadasının Bakıda keçirilməsi təklifini irəli sürməsinə imkan vermişdir.
Azad Rəhimov daha sonra demişdir ki, bu yaxınlarda bir qrup idman xadiminə dövlət mükafatlarının verilməsi barədə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar dövlətimizin başçısının idmançılara qayğısının, onların fəaliyyətini qiymətləndirməsinin daha bir göstəricisidir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından dövlət mükafatları təqdim edilmişdir.
Azərbaycan MOK-un vitse-prezidenti Xəzər İsayev beynəlxalq idman təşkilatları rəhbərlərinin təbrik teleqramlarını oxumuşdur.
Təltif edilənlər adından çıxış edən “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev onların fəaliyyətini yüksək qiymətləndirməsinə görə dövlətimizin başçısına təşəkkür etmişdir.

