CƏMİYYƏT
Ölmüş şəxsin vərəsəsi hansı müddətdə mirası qəbul etməlidir?
Bakı, 21 oktyabr, AZƏRTAC
Mülki Məcəlləyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən (miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır) altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Bu məsələni AZƏRTAC-a şərh edən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə deyib ki, vərəsə mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edə bilər. Qanunvericiliyə əsasən, ölmüş şəxsin vərəsəsi vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində əvvəlcə mirası qəbul etməlidir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vəkilin sözlərinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Bu şəhadətnaməni almaq üçün bütün zəruri sənədlər (vəfat etmiş şəxsin ölüm şəhadətnaməsi, vərəsənin doğum şəhadətnaməsi, miras qalmış əmlaka dair sənədlər və s.) notariusa təqdim olunmalıdır.
Hansı hallarda miras əmlak vəfat etmiş şəxsin adından vərəsənin (və ya vərəsələrin) adına rəsmiləşdirilir?
Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Bu şəhadətnamədə vərəsə kimi qeyd olunan şəxsin orada göstərilən hüquqa malik olması qəbul edilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.
“Vərəsəlik şəhadətnaməsi aldıqdan sonra vərəsə miras qoyan vəfat etmiş şəxsin adına olan mülkiyyət sənədləri ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi şəxsinin müvafiq rayon şöbəsinə müraciət etməlidir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bütün zəruri sənədlər təqdim edildikdən sonra miras əmlak vəfat etmiş şəxsin adından vərəsənin ( və ya vərəsələrin) adına rəsmiləşdirilir.
Bundan sonra mülkiyyətə dair vərəsə öz adına “Çıxarış” əldə edir”, - deyə Vəkillər Kollegiyasının üzvü bildirib.